Skip to content Skip to footer

Ənənəyə görə, parça seçərkən kətan, pambıq, yun, ipək kimi təbii materiallara üstünlük verilir. Lakin mebel üzlüyü üçün material seçmək istəyiriksə, bu zaman süni parçalara nəzər salmalıyıq. Müasir tekstil texnologiyalarının inkişafı istismar xüsusiyyətlərinə görə təbii parçalardan qat-qat üstün olan yeni və ya modifikasiya edilmiş sintetik materiallar yaratmağa imkan verir. Onların davamlılığı, rahat təmizlənməsi, qabarıq səthlərin üzlənməsi zamanı elastikliyi, su keçirməməsi, atmosfer hadisələrinin təsirinə dayanıqlılığı (bu onlardan eksteryer dizaynında da istifadə etməyə imkan verir) sintetik materialları mebel istehsalı üçün əvəzedilməz edir. Süni materialların daha bir şübhəsiz üstün cəhəti onların xarici görünüşünü təbii analoqları ilə bənzərliyə nail olmaq üçün dəyişdirməyin mümkün olmasıdır.

Sintetik parçaların geniş çeşidi insanı heyran edir. Burada mebel ustaları arasında daha çox məşhur olan bəzi parçalar nəzərdən keçiriləcək:

Polyester poliefir liflərindən hazırlanan xüsusi sintetik parça növüdür. Polyester üçün patent 1945-ci ildə rəsmiləşdirilib. Bu parça o vaxtdan toxuculuq sənayesində geniş istifadə olunur. Polyester xarici görünüşünə görə kobud gişdən yumşaq velürə qədər istənilən təbii parçanın səthinə bənzəyə bilər.

Poliamid təmiz şəkildə, demək olar ki, istifadə olunmayan sintetik parça növüdür. Onu neylon, kapron, cordan və digər materialları əldə etmək üçün başqa təbii və süni liflərlə qarışdırırlar.

Poliakril neft karbohidrogenlərinin əsasında əldə edilən, xarici görünüşü yunu xatırladan, yun kimi yumşaq lifli və yüngül olan sintetik parçadır. Antibakterial təsirli poliakril materialın gigiyenik xassələrini artırmağa imkan verir.

Sintetik pərqu, sintepon yastıq, ədyal və yumşaq mebelin doldurulması üçün təbii pərqu və pambığın əvəzinə istifadə edilir.

Təbii parçalar

Yun heyvanların yunundan (əsasən qoyun) emal edilir. Anqora krolik yunundan, kişmir və maxer keçi yunundan, alpaka materialı isə alpaka yunundan hazırlanır.

Pambıq və ya beynəlxalq adı ilə desək, kotton pambıq liflərindən hazırlanır. İplik parçalar həm geyim, həm də ev tekstili istehsalında geniş istifadə olunur. Azərbaycanda pambığı haqlı olaraq “ağ qızıl” adlandırırlar.

Kətan insanların qədim zamanlardan istehsal etməyi öyrəndiyi parçalardan biridir. Bu təbii material Qədim Misirdə zənginlik əlaməti hesab edilirdi və kətan parça pul vahidi kimi istifadə edilirdi. Möhkəm, yüngül, xarakterik tutqun parıltıya malik kətan parçalar günümüzdə də bütün dünyada istehsal edilir.

İpək ipəkqurdu baramasının liflərindən hazırlanan təbii parçadır. İpəkçiliyin tarixi Çində neolit dövrünə qədər uzanır. Xüsusilə Şəki və Basqal ərazisində qədim ipəkçilik ənənələri mövcuddur.

Dekorlar

PARÇA DEKORU

Makiyajda dodaq boyası, paltarda düymə, mebeldə qapı dəstələrinin seçimi kimi divan yastıqlarının da seçimi xüsusi diqqət tələb edir. Düzgün seçilmiş yastıqlar ən darıxdırıcı interyeri belə canlandıra bilər.

Hətta bəzən divanı darıxdırıcı çalarlarda seçmək və yastıqların parçasında fantaziya və xəyal gücündən istifadə etmək daha maraqlı interyer həllərinin yaradılmasına səbəb olur. Biz məhz bu cür fantaziyalar üçün mağazamızda dekorativ parça və aksesuarların kolleksiyasını toplamışıq.

Dekorativ parçalar yalnız yastıqları deyil, yumşaq mebelin konkret elementlərini, misal üçün divanın söykənəcəyini, ya da kresloların qoltuqaltılarını tərtib etmək üçün istifadə edilir. Onlar rəngləri vurğulamağa və interyerinizə özünəməxsus ab-hava qazandırmağa imkan verir.

MEBEL PARÇALARI

Bütün mebel parçaları yüksək sap sıxlığına malik olması ilə seçilir. Bu çox təbiidir, çünki onlar tez köhnəlməməli, qırışmamalı, deformasiyaya uğramamalı, rəngi solmamalı və ya çirklənməməlidir. Parçanın sap sıxlığı onun keyfiyyətini xarakterizə edən əsas göstəricidir. Mebel üçün parça seçərkən onun sap sıxlığına diqqət yetirin. Yumşaq mebelin üzlənməsi üçün nəzərdə tutulmuş parçanın sap sıxlığı ən az 200 q/m² olmalıdır. Mağazamızda təqdim etdiyimiz parçalar sizi rəng və fakturaların geniş çeşidi, habelə sap sıxlığının 250q/m² və daha çox olması ilə razı salacaq. Yumşaq mebel üçün parça seçimi bir çox hallarda mebeli hara qoymağınızdan asılıdır. Misal üçün, biz uşaq otağında istifadə edilən mebelin üzlənməsi üçün ultramüasir “easy clean” parçasını təklif edirik. Bu parçanın üzərində avtomat qələmlə yazılmış yazılar belə quru parça ilə asanlıqla təmizlənə bilər. Kommersiya obyektləri üçün həm otaqda, həm də açıq hava altında saxlanılan mebellərin istehsalı üçün istifadə edilən, köhnəlməyən və su keçirməyən parçalar daha münasib olacaq.

Bakı, Ziya Bünyadov küç., ev 23 ünvanında yerləşən mağazamızda ən yaxşı üzlük parçaları bir araya gəlib. Bu materiallardan bəziləri aşağıda daha ətraflı təsvir olunub.

Qobelen parçaların çox qədim emal texnikasıdır. Onun nəfis çiçək və ya pastoral ornamentləri “provans” üslubunda döşənmiş klassik interyerlər üçün mükəmməl seçim olacaqdır. Ağ rəngli qapı taxtaları və qapılar, “şebbi-şik” üslubunda mebel, boz taxta döşəmələr və qobelenlər evinizə fransız əyaləti atmosferini gətirəcək.

Velür çox vaxt velvet adlandırılan xovlu parçadır. İnanılmaz yumşaqlığa və zərifliyə malik olan bu parça özünəməxsus parıltısı ilə istənilən interyerə bəzək verəcək. Karet tikməli və büllur düyməli velür divan və kreslolar günümüzdə yalnız mərmər naxışlı döşəməsi olan klassik interyerlərdə deyil, cəsur və qeyri-adi görünüşü olan müasir eklektik interyerlərdə də istifadə edilir.

Süni zamşa və ya mikrofibra “nubuk” materialına bənzəyən, su keçirməyən parçadır. Həm ofislər, həm də yaşayış obyektləri üçün ideal seçimdir. Belə materialın cəlbedici çalarları ilə üzlənmiş divan nikel aksesuarlarla bəzədilmiş və ümumilikdə hərəkət və səyahət ab-havası yaradan gənclik üslubunda döşənmiş interyeri çox ahəngdar şəkildə tamamlayacaq.

Eko-dəri dərinin parça astarda imitasiyasıdır. O, təbii dəri ilə müqayisədə buxar və sukeçirmə baxımından daha yaxşı keyfiyyətlərə malikdir, bir sözlə, bu müasir materialla üzlənmiş divandan yay aylarında da xoş hislərlə istifadə edə biləcəksiniz. “Çester” üslublu dəri divanların kərpic divarları və bu divarların üzərindən çəkilmiş ventilyasiya boruları ilə yadda qalan, keçmiş fabrik və zavodların istehsal obyektlərini imitasiya edən loft-interyerlə bir araya gətirilməsi hazırda dəbdədir.

Jakkard parça ilk dəfə Jozef Mari Jakkard tərəfindən kəşf olunmuş dəzgahda XVIII əsrdə istehsal edilmişdi. Çox vaxt basma adlandırılan bu parça qobelenin alternatividir, lakin daha nazik liflərin və ipək sapların istifadə edilməsi ilə hazırlanır. Jakkard parça ilə üzlənmiş mebel və divarlar klassik interyerin qızıl suyuna çəkilmiş qapı dəstələri, taxta üzərində naxışlar, qotazlı portyerlər, büllur çilçıraqlar, şamdanlar və gümüş qab-qacaq kimi atributları ilə çox gözəl ahəng təşkil edir.

Kətan bu möcüzəli bitkinin liflərindən hazırlanmış təbii materialdır. Kətan üzlüklü divan və kreslolar bahalı ağac növlərindən hazırlanmış mebel, təbii dəri aksesuarlar, ekzotik otaq bitkiləri, döşəməyə sərilmiş heyvan dəriləri və hindilərin divarlara asılmış maskaları ilə xarakterizə olunan “kolonial” üslubun ayrılmaz elementidir. Bu parça toxunma bağ mebeli və talvarlar üçün ideal seçimdir.

Yüksək keyfiyyət parçalar & bol assortiment yalnız bizdə

Ünvan

Ziya Bünyadov küçəsi, 23

Bizimlə əlaqə

+99450 228 95 99

Copyright © 2024 Tekstik.az. Bütün müəllif hüquqları qorunur.