Bizə zəng vurun

+99450 228 95 99

AZ RU EN

PARÇALAR HAQQINDA

Ənənəyə görə, parça seçərkən kətan, pambıq, yun, ipək kimi təbii materiallara üstünlük verilir. Lakin mebel üzlüyü üçün material seçmək istəyiriksə, bu zaman süni parçalara nəzər salmalıyıq. Müasir tekstil texnologiyalarının inkişafı istismar xüsusiyyətlərinə görə təbii parçalardan qat-qat üstün olan yeni və ya modifikasiya edilmiş sintetik materiallar yaratmağa imkan verir. Onların davamlılığı, rahat təmizlənməsi, qabarıq səthlərin üzlənməsi zamanı elastikliyi, su keçirməməsi, atmosfer hadisələrinin təsirinə dayanıqlılığı (bu onlardan eksteryer dizaynında da istifadə etməyə imkan verir) sintetik materialları mebel istehsalı üçün əvəzedilməz edir. Süni materialların daha bir şübhəsiz üstün cəhəti onların xarici görünüşünü təbii analoqları ilə bənzərliyə nail olmaq üçün dəyişdirməyin mümkün olmasıdır.

Sintetik parçaların geniş çeşidi insanı heyran edir. Burada mebel ustaları arasında daha çox məşhur olan bəzi parçalar nəzərdən keçiriləcək:
Polyester poliefir liflərindən hazırlanan xüsusi sintetik parça növüdür. Polyester üçün patent 1945-ci ildə rəsmiləşdirilib. Bu parça o vaxtdan toxuculuq sənayesində geniş istifadə olunur. Polyester xarici görünüşünə görə kobud gişdən yumşaq velürə qədər istənilən təbii parçanın səthinə bənzəyə bilər.

Poliamid təmiz şəkildə, demək olar ki, istifadə olunmayan sintetik parça növüdür. Onu neylon, kapron, cordan və digər materialları əldə etmək üçün başqa təbii və süni liflərlə qarışdırırlar.

Poliakril neft karbohidrogenlərinin əsasında əldə edilən, xarici görünüşü yunu xatırladan, yun kimi yumşaq lifli və yüngül olan sintetik parçadır. Antibakterial təsirli poliakril materialın gigiyenik xassələrini artırmağa imkan verir.

Sintetik pərqu, sintepon yastıq, ədyal və yumşaq mebelin doldurulması üçün təbii pərqu və pambığın əvəzinə istifadə edilir.

Təbii parçalar
Yun heyvanların yunundan (əsasən qoyun) emal edilir. Anqora krolik yunundan, kişmir və maxer keçi yunundan, alpaka materialı isə alpaka yunundan hazırlanır.

Pambıq və ya beynəlxalq adı ilə desək, kotton pambıq liflərindən hazırlanır. İplik parçalar həm geyim, həm də ev tekstili istehsalında geniş istifadə olunur. Azərbaycanda pambığı haqlı olaraq "ağ qızıl" adlandırırlar.

Kətan insanların qədim zamanlardan istehsal etməyi öyrəndiyi parçalardan biridir. Bu təbii material Qədim Misirdə zənginlik əlaməti hesab edilirdi və kətan parça pul vahidi kimi istifadə edilirdi. Möhkəm, yüngül, xarakterik tutqun parıltıya malik kətan parçalar günümüzdə də bütün dünyada istehsal edilir.

İpək ipəkqurdu baramasının liflərindən hazırlanan təbii parçadır. İpəkçiliyin tarixi Çində neolit dövrünə qədər uzanır. Xüsusilə Şəki və Basqal ərazisində qədim ipəkçilik ənənələri mövcuddur.